Misirin gənc fironu Tutanxamonun ölum səbəbi malyariya ola bilər. BBC-nin verdiyi məlumata görə iki il Tutanxamonun mumiyasını müayinə edən alimlər belə qənaətə gəliblər. Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunan araşdırmada deyilir ki, Tutanxamonun qanında malyariya parazitinin izləri tapılıb və bu bizə məlum olan ən qədim malyariya izlərindəndir.
Araşdırmalar həm də göstərir ki, 19 yaşlı Firon Tutanxamon irsi sümük xəstəliyindən əziyyət çəkirdi və ölümündən bir qədər əvvəl ayağını zədələmişdi. Sınmış sümük yaxşı bitişməmiş və ölməyə başlamışdı. Elə bu zaman da fironun yoluxduğu malyariya vəziyyəti ağırlaşdırmış və gəncin həyatına son qoymuşdur.
Hovard Karterin 1922-ci ildə Tutanxamonun sərabəsini kəşf etməsindən sonra elmi dairələrdə fironun niyə belə gənc ölməsi barədə müzakirələr bitmək bilmirdi. Bəziləri onun öldürüldüyünü, bəziləri isə cəng arabasından yıxıldığını ehtimal edirdilər.
Lakin yeni kəşf Misirin baş arxeoloqunu Zahi Həvası hələ də inandıra bilməyib. “Onun qanında parazitin olması heç də o demək deyil ki, o, malyariyadan əziyyət çəkib və ya vəfat edib. Mən hələ də düşünürəm ki, o, arabasından yıxılıb. Onun sinəsi əzilib və qabırğaları sınıb.”